Dalğanın aksiyasını polis zorakılıqla dağıdıb

Dalğanın sədri Ülvi Həsənli və Ramin Hacılı həbs olunaraq 9-cu bölməyə aparılıblar
Bu gün 22 iyul – Mətbuat günü münasibəti ilə Dalğa Gənclər Hərakatının üzvləri “Azad mətbuatı yaşadaq” adlı aksiya keçiriblər.
Öncədən mətbuatda elan olunduğu kimi, aksiya dinc xarakter daşıyırdı. Saat 18.00-da başlanan aksiya 20-00-da başa çatmalıydı. Aksiya iştirakçıları əllərində istədikləri qəzetləri tutub sakitcə oxumağı, və bununla da son yarım ildə durumu kəskin pisləşən Azərbaycan mətbuatı ilə həmrəylik nümayiş etdirməyi planlaşdırmışdılar.
Aksiyanın keçiriləcək yeri və vaxtı barədə mediada öncədən məlumat verməklə yanaşı, Bakı sakinləri arasında aksiyaya çağırışdan ibarət olan 6 min vərəqə yaymışdılar.
Təyin olunan vaxtda onlarla Dalğaçı və aksiyaya dəstək verənlər Fəvvarələr bağına yığışdı. Amma Bakı Şəhər Polis İdarəsinin çoxlu sayda əməkdaşı da bağın əhatəyə almışdılar.
Aksiyanın keçirilməsi polislər tərəfindən böyük basqıya məruz qalıb. Dalğa GH-nın üzvlərindən aldığımız məlumata görə, təşkilatın sədri Ülvi Həsənli və DİP Gənclər Təşkilatının sədri Ramin Hacılı polislər tərəfindən döyülərək, zorla pois maşınına otuzdurulmuş və 9-cu bölməyə aparılmışlar.
Təşkilatın bir çox digər üzvü də polis zorakılığına məruz qalıblar.


