KANADADA AZƏRBAYCAN TELEVİZİYASI
Kanada Azərbaycan Dərnəkləri Federasiyasının (KADF) təşəbbüsü ilə Kanadada “AzCan TV” adlı Azərbaycan telekanalı açılıb. KADF ilə ROGERS TV arasında bağlanan müqaviləyə əsasən sentyabrın 1-dən efirə çıxması nəzərdə tutulan “AzCan TV” ilk mərhələdə həftədə 1 saatlıq proqramla ROGERS TV-nin nəzdində fəaliyyət göstərəcək.
KADF prezidenti Əkbər Məcidov APA-ya açıqlamasında bildirib ki, “AzCan TV” Kanada və Azərbaycan arasında körpü rolunu oynayacaq: “Bu televiziya Kanadada yaşayan həmvətənlərimizin səsi, milli mədəniyyətimizin və milli varlığımızın Kanadada yaşadılması üçün vasitə olacaq. Biz inanırıq ki, “AzCan TV” daha da inkişaf edərək, xalqımız və ölkəmizin daha çox tanıdılmasına böyük töhfələr verəcək”.


