Ramil Səfərovun 30 yaşı tamam olub
Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun ömürlük azadlıqdan məhrum edilməsi qərarını qüvvədə saxlayan Budapeşt Şəhər Apelyasiya Məhkəməsinin 22 fevral 2007-ci il tarixli qərarından hələ ki kasasiya şikayəti verilməyib.
Ramil Səfərovun atası Sahib Səfərov APA-ya bildirib ki, kasasiya şikayətinin verilib-verilməməsi barədə R. Səfərovla məhkəmə nəzarətçiləri arasında olan insidentlə bağlı Budapeşt Şəhər Peşt Rayon Məhkəməsinin 17 noyabr 2006-cı il tarixində çıxarılan hökmündən verilən apellyasiya şikayətinə baxılandan sonra qərar veriləcək. S. Səfərovun sözlərinə görə, apellyasiya şikayətinə nə zaman baxılacağı hələ məlum deyil: “Artıq Macarıstan məhkəmələri yay tətilini başa vurur. Yəqin ki, yaxın zamanlarda bu işə baxılacaq”.
Dünən Ramilin 30 yaşının tamam olduğunu bildirən atası deyib ki, ad günü ailələrində qeyd olunub: “Ramil özü də zəng etmişdi. Biz ona təbriklərimiz çatdırdıq. Saxlanma şəraiti ilə bağlı narazılığı yoxdur. Əhvalı da yaxşı idi. O da güman edir ki, apellyasiya şikayətinə yaxın zamanlarda baxılacaq”.
Xatırladaq ki, Ramil Səfərov erməni zabiti Qurgen Markaryanı qətlə yetirdiyinə görə Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.


