Söz Azadlığının Müdafiə Komitəsindən BƏYANAT
"Hakimiyyət sərbəst toplaşma hüququnun məhdudlaşdırılmasının yeni mərhələsini həyata keçirir. Bu mərhələdə hətta kütləvi aksiyalar üçün nəzərdə tutulan yerlərdə də tədbirlər keçirməyə icazə verilmir."
Söz Azadlığının Müdafiə Komitəsi Azərbaycanda insan haqlarının pozulmasına, azad mətbuata təzyiqlərə, jurnalistlərin qanunsuz həbsinə etiraz olaraq 22 dekabr 2007-ci ildə «Ukrayna» meydanında mitinq və 23 dekabr 2007-ci ildə «Bibiheybət» stadionunda yerli əhali ilə görüş keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə yazılı müraciət etmişdi. Bu gün, yəni 19 dekabr 2007-ci ildə Bakı şəhər İcra Hakimiyyəti yenidən Azərbaycanın Konstitusiyasının və «Sərbəst toplaşmaq haqqında» Qanunun tələblərini pozaraq həmin aksiyaların keçirilməsinə icazə verməyib.
Aksiyaların təşkilatçıları ilə razılaşdırılmadan, eyni zamanda heç bir izah verilmədən 22 dekabr 2007-ci ildə «Ukrayna» meydanına təyin olunmuş mitinq yenidən bundan əvvəl təşkilatçıların imtina etdiyi «Bibiheybət» stadionuna keçirilib. Halbuki mitinqin təşkilatçıları öz müraciətində həmin stadionun mitinq keçirmək üçün yararlı olmadığını da Bakı şəhər İcra Hakimiyyətinin diqqətinə çatdırmışdı. Eyni zamanda İcra Hakimiyyəti 23 dekabr 2007-ci ildə «Bibiheybət» stadionunda yerli əhali ilə keçiriləcək yığıncağı öz məktubunda dəfələrlə və bilərəkdən mitinq adlandırıb. Bütün bunlar göstərir ki, Bakı şəhər İcra Hakimiyyəti israrla demokratik qüvvələrin planlaşdırdığı mitinqlərin bundan sonra şəhərin ən ucqar yerində və mitinq üçün yararsız olan «Bibiheybət» stadionunda keçirilməsi üçün yeni presedentin əsasını qoymaq istəyir. Bütün bunları nəzərə alaraq Mitinq Təşkilat Komitəsi hesab edir ki, Bakı şəhər İcra Hakimiyyəti 22 dekabr 2007-ci il tarixində Ukrayna meydanında keçirilməsi nəzərdə tutulan mitinqə və 23 dekabr 2007-ci ildə «Bibiheybət» stadionunda yerli əhali ilə nəzərdə tutulan yığıncağa icazə verməyib. Komitə İcra Hakimiyyətinin özbaşına müəyyənləşdirdiyi ərazidə və formatda aksiyalar keçirməyi məqbul saymır, bu qanunsuz addımlarla bağlı məhkəməyə, həmçinin Avropa Şurasının Venesiya Komissiyasına və digər beynəlxalq qurumlara müraciət edəcək.
Mitinq Təşkilat Komitəsi bəyan edir ki, Azərbaycanın hakimiyyət orqanları ölkədə sərbəst toplaşma hüququnu kəskin şəkildə məhdudlaşdırılmasının yeni mərhələsini həyata keçirir. Bu mərhələdə hətta hakimiyyətin kütləvi aksiyalar üçün nəzərdə tutduğu yerlərdə də tədbirlər keçirməyə icazə verilmir. Bu səbəbdən Mitinq Təşkilat Komitəsi növbəti addımlarını müəyyənləşdirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə sorğu göndərərək, paytaxt ərazisində mitinq və digər kütləvi aksiyaların keçirilməsi üçün nəzərdə tutulan yerlər barədə 10 yanvar 2008-ci ilə qədər izahat verilməsini tələb edəcək.
Komitə 23 dekabr 2007-ci ildə «Bibiheybət» stadionunda sakinlərlə yığıncağa icazə verilməməsinə baxmayaraq, Qurban bayramı münasibətilə yaxın günlərdə yerli əhali ilə görüşlər keçirərək baş verənlərin mahiyyəti barədə onlara məlumat verəcək.
Eyni zamanda, Mitinq Təşkilat Komitəsi Azərbaycanda sərbəst toplaşmaq hüququnun bərpasına nail olmaq üçün daimi fəaliyyətə keçir, Konstitusiya və qanunlara görə icazə tələb olunmayan aksiyaların uzunmüddətli proqramını hazırlamaq və həyata keçirmək barəsində qərar qəbul etdi.


